Fevralın 23-də Azərbaycan Respublikası Gənclər Fondu və AR Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Azərbaycan-Fransız Universitetinin dəstəyi ilə “Xocalı soyqırımı: Gənclər və gənclər təşkilatlarının faciənin tanıdılmasında rolu” adlı konfrans baş tutub.
UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, konfransda Milli Məclisin deputatı, Tarix elmləri doktoru, professor Musa Qasımlı, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru, YAP İdarə Heyətinin üzvü, Tarix elmləri üzrə fəlsəfə doktoru Vazeh Əskərov və ARGTMŞ-nin sədri Azər Əliyev iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan Vazeh Əskərov Xocalı qətliamında 31 il keçdiyini və bu faciənin tanıdılmasında gənclərin rolu barədə fikirlərini bölüşüb. Daha sonra professor Musa Qasımlı və deputat Ceyhun Məmmədov gənclərə Xocalı qətliamı barədə məlumat verib və bu faciənin tanıdılmasında dövlətin və gənclərin görməli olduğu işlər barədə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda qonaqlar gənclərin suallarını cavablandırıblar.



